Zəfər savaşımızda qazandığımız qələbə bütün dünyaya türkün əsl gücünü göstərdi. 2020-ci il 10 dekabr tarixi xalqımızın yaddaşında silinməz izlər buraxdı. Həmin gün Azərbaycan xalqı öz dahi rəhbəri Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında möhtəşəm qələbə paradı qeyd edirdi. Hərbi paradı qəbul edən ölkə başçımız öz çıxışında ilk öncə Zəfər savaşımızda canlarını fəda edən şəhidlərimizin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad etdi. Sonra çıxışında Cənab Prezident İlham Əliyev dəvətini qəbul edərək xalqımızın xoşbəxt günündə bizimlə birgə olan Türkiyə Cumhuriyyətinin prezidenti cənab Rəcəb Tayyip Ərdoğana dərin təşəkkürünü bildirdi. Qazandığımız qələbə haqqında danışan ölkə başçımız Ermənistan dövlətinin 30 il müddətində xalqımıza qarşı yeritdiyi təcavüzkar siyasətin nəticəsində torpaqlarımızın işğal olunduğunu vurğuladı. Bildirdi ki, bu illər ərzində beynəlxalq təşkilatlar səviyyəsində Qarabağ münaqişəsi təəssüflər olsun ki, həll olunmadı. Nəhayət, xalqımızın illərlə həsrətində olduğu o tarixi zaman yetişdi. 44 günlük Zəfər savaşımızda ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımız düşməndən azad olundu və haqq-ədalət öz yerini tapdı. Azərbaycan tarixi torpaqlarını azad etdi. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, həmçinin müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş edilmişdir. Azərbaycan bu Qələbəsi ilə dünyaya sübut etdi ki, onun uğrunda ölməyi bacaran, azadlığı uğrunda qanını tökməyə hazır olan övladları var. Vətən müharibəsində qazanılan Böyük Qələbə Azərbaycan Prezidentinin Qarabağ uğrunda zəfərlərinin salnaməsidir, parlaq səhifəsidir.Anar Əbdülov,Xocalı rayon ziyalısı